Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Ərazi aidiyyatına gəldikdə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qanunla başqa hal nəzərdə tutulmayıbsa dedikdə, o nəzərdə tutulur ki, ərazi aidiyyatının müəyyən edilməsi zamanı istisna təşkil edən hallar ola bilər.
Həmin hallardan biri iddiaçının seçimi ilə tənzimlənir. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.